Vətəndaşlar sadə prosedurlardan keçməklə dövlət əmlaklarının özəlləşdirilməsində rahatlıqla iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda yaradılan imkanlar ilə hər kəs onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilir. Müasir hərrac sistemi ilə sifarişçilər və adi şəxslər olduğu məkandan prosesə elektron formada qoşula bilir.
Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq. Budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir.
Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.