MİDA “Kapital Bank” ilə əməkdaşlığa başlayıb

Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə vətəndaşlara bir sıra güzəştlərdən yararlanmaq imkanı təmin edilir.

Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə yararlana bilər.

Agentlik tərəfindən vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə görülmüş işlər çərçivəsində “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 müvəkkil bankına müraciət olunub. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” ASC olub.

Qeyd edək ki, Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən “Kapital Bank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 19.07.2017-ci il tarixində imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır