Noyabrın 24-də Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib.
Konfransda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsi barədə ətraflı məlumat verən Tahir Budaqov bildirib ki, Dövlət Statistika Komitəsinin benefisiarı olduğu və 5 komponenti əhatə edən Tvinninq layihəsinin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olub.
Konfransda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Litva Statistika İdarəsinin baş direktoru Vilija Lapeniene açılış nitqi ilə çıxış ediblər.
Qeyd edək ki, iki il davam edən və bu gün uğurlu layihələrdən biri kimi qiymətləndirilən tvinninq layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış edib. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti tvinninq layihəsinə məsləhətçi qismində cəlb olunub. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak edib, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası həyata keçirilib, Komitə mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutub.