2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən 11 751 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Həmin şəxslərdən 11 097 nəfəri nazirliyin Qəbul otağına müraciət edənlər olub.
Vətəndaşlardan 773 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Həmçinin 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsində sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı nazirliyin Qəbul otağına müraciət edənlərin sayının getdikcə azalmasına səbəb olub. Bu tendensiyanın davamı kimi, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qəbul otağına müraciət edənlərin sayında (11 097 nəfər) əvvəlki illə (39 347 nəfər) müqayisədə 3,5 dəfə azalma qeydə alınıb.